Respublika fənn olimpiadalarında iştirak etmək üçün elektron qaydada qeydiyyat aparılır.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, qeydiyyat noyabrın 24-dək davam edəcək.
Şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Noyabrın 25-28-də olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, noyabrın 29-dan dekabrın 7-dək isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.
2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin olunmasıdır.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları ilə nazirliyin saytında müvafiq linkdə tanış olmaq mümkündür.