Logo

Korolyov şəhərində Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert olub

21.11.2022 18:20 245 baxış
IMG

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində “XX əsrin Orfeyi” layihəsi çərçivəsində Azərbaycanın əfsanəvi sənətkarı, bəstəkar və müğənni Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş yekun konsert keçirilib.

Tehsil.biz xəbər verir ki, “Yubileynı” Mədəniyyət Sarayında baş tutan konsert Moskva vilayətinin İnformasiya və Sosial Kommunikasiyalar Nazirliyinin, Korolyov şəhər dairəsi administrasiyasının, “Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti”nin dəstəyi ilə gerçəkləşdirilib.

Konsert öncəsi çıxış edən Moskva vilayətinin İnformasiya və Sosial Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Vitali Zamaraxin, “Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti”nin sədri Elşən İbrahimov, Korolyov şəhərindəki azərbaycanlıların yerli milli-mədəni muxtariyyətinin sədri Şamil Vəliyev qeyd ediblər ki, saf bariton səsə malik Müslüm Maqomayevi bütün dünyanın əfsanəvi şəxsiyyəti adlandırmaq olar. Çünki böyük istedadı, unudulmaz səhnə obrazını və ürəkaçan poetik lirikanı özündə birləşdirdiyinə görə milyonlarla dinləyicinin kumirinə çevrilmiş Azərbaycan əsilli sənətkarı bütün dünyanın insanları alqışlayırdılar. Azərbaycan, Rusiya və dünya mədəniyyətinə misilsiz töhfələr bəxş edən Müslüm Maqomayevə göstərilən böyük məhəbbətə görə tamaşaçılara minnətdarlıq bildirilib.

Sonra unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Konsert proqramında Müsslüm Maqomayevin repertuarından mahnılar təqdim olunub. Tamaşaçıların ruhunu oxşayan əsərlər müğənnilər Ramazan Ramazanov, Andrey Katkov, Mənsur Salıxov, Tatyana Tronza-Vselikaya və Boris Şvartsmanın ifasında səsləndirilib. “Qarabağ” instrumental-xoreoqrafiya ansamblı milli rəqslərimizi nümayiş etdirib.

Konsert tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində Müslüm Maqomayevə həsr olunmuş sərgi təşkil edilib. Sərgini “Mənim uzun sevgim” adlı kitabın müəllifi Teara Aqametova hazırlayıb.

Xəbər lenti