Logo

Siniflərdə şagird sayı necə olmalıdır? - TƏHLİL

18.11.2022 13:09 637 baxış
IMG

Bu məqalə siniflərdə şagird sayı ilə əlaqədar kiçik bir təhlil yazısından ibarətdir. 

Andreas Şelyxerin “Dünya Standartları - XXI əsrin təhsilini necə qurmalı” kitabını işimlə əlaqədar dəfələrlə oxumalı oldum. Həmin kitabda demək olar bütün məsələlərlə tam razılaşsam da sadəcə bir məsələ, “Kiçik siniflər təhsildə daha çox uğur qazanır” ifadəsinin mif olduğunu tam qəbul edə bilmədim. Xəzər Universitetində tədris etdiyim Təhsil siyasəti dərsinə hazırlaşarkən bir elmi məqalə ilə qarşılaşdım. Bu məqalə Cənubi Kaliforniya Universitetinin alimləri, June Ahn və Dominic J. Brewer tərəfindən yazılmışdır. Məqalə belə adlanır: “Məktəbin və sinfin həcmini kiçiltməklə əlaqədar nə bilirik?”.

Bu məqaləni mütaliə və tələbələrimlə müzakirə edərkən bir daha gördüm ki, mən düşüncələrimdə yanılmıram. Siniflər kiçikdirsə bir çox amil orada müsbətə doğru dəyişə bilər. Elmi tədqiqatların bir qismi sinif həcmi ilə şagirdlərin akademik nailiyyətləri arasında əlaqənin olduğunu göstərir. Ancaq bunun tərsi, yəni korelyasiyanın olmadığını göstərən nəticələr də mövcuddur. Elmi tədqiqatlar həm də sinif həcminin şagirdlərin psixoloji, sosioloji vəziyyətinə necə təsir etdiyi yönündə aparılmışdır.

Nəticələrin bir qismi belədir:

Şagird sayı azdırsa müəllimlər daha az stresə girdiklərini və daha az qeyri-məmnunluq hissi yaşadıqlarını qeyd edirlər.

Müəllimlər daha çox şagirdlərə individual yanaşa bildiklərini ifadə edirlər.

Davranış və nizam-intizam problemləri daha az müşahidə olunur. 

Akademik müsbət dinamika daha çox şagirddə görülür. 

Zəif baza ilə tədris ilinə başlayan şagirdlərin daha çoxu irəliləmə qət edə bilir.

Bu da məlumdur ki, kiçik sinif anlayışı dövr keçdikcə dəyişir. 50 il əvvəl 25 nəfərlik sinif kiçik idi, indi isə böyükdür. Artıq bir çox məktəbin ibtidai sinfində 15 nəfərlə sinfi komplektləşdirmə yönündə işər görülür. Yuxarı siniflərdə isə sinifdə şagirdlərin sayı nisbətən arta bilir. Amma bu say yenə 25-in üstünə keçmir. Ölkəmizdə ümumi şagirdlərin sayını müəllimlərin sayına böldükdə ortaya çıxan rəqəm 11-12-dir. Bu əslində yaxşı rəqəmdir. Deməli hər 12 şagirdə 1 müəllim düşür. Ancaq paylanmada problem mövcuddur. Belə ki, kənar yerlərdə bu rəqəm daha da aşağı düşərkən, mərkəzi yerlərdə yuxarıya qalxır. Özəl məktəblərdə bu rəqəm aşağı ikən, dövlət məktəblərində yuxarıdır. Bu vəziyyət isə imkanlı ailələrin daha keyfiyyətli təhsil xidməti almalarını nəticə verir. Əlbəttə ki, bənzər nəticələr dünyanın müxtəlif ölkələrində mövcuddur və onlar bu sualların üzərində baş sındırırlar:

Kiçik siniflərdə həqiqətənmi öyrənənlərin sayı daha çoxdur faiz etibariylə?

Siniflərin həcmi təlim nəticələrinə çatmağa necə təsir edir?

Sinfin həcmi müxtəlif fənnlərdə və yaşlarda müxtəlif təsir göstərirmi?

Böyük həcmli siniflərdə dərs alan şagirdlərdə bunun hansı fəsadları olur?

Bu fəsadlar sonradan bərpa oluna bilərmi?
Bu bərpa üçün nələr edilə bilər?

Bir məsələyə də xüsusi diqqətinizi çəkmək istəyirəm. Əgər sinif həcmi kiçilsə, ancaq müəllim böyük həcmli sinifdə etdiyi kimi tədris etməyə davam etsə düşünürəm heç bir müsbət dəyişiklik olmayacaq. Yəni əslində Cənab Şleyxer bir digər tərəfdən də haqlıdır. Çünki əgər müəllim sinfin geniş olduğunu bəhanə gətirərək bu sinifdə sadəcə mühazirənin mümkün təlim üsulu olduğunu qeyd edirsə, ancaq sinif kiçildikdə yenə də mühazirəyə müraciət edir və fəal, müasir təlim üsullarından istifadə etmirsə onda dəyişən heç nə olmayacaq. Ona görə Andreas Şleyxer qeyd edirdi ki, ölkələr pulu sinifləri kiçiltmək üçün deyil, müəllimin keyfiyyətini artırmaq üçün xərcləyirlər. Düşünürəm bu iş paralel getməlidir. Bir tərəfdən sinifdə 40-45 nəfər olan məktəblər haqqında müxtəlif yeni formullar fikirləşməli, servislər təşkil edib onları yaxın kənd və qəsəbələrin az şagirdə malik məktəblərinə yönləndirməli, digər tərəfdən də müəllimlərin fəal təlim üsullarına müraciət etmələrini təşviq və tələb etməliyik. 

Dr. Qoşqar Məhərrəmov

Xəbər lenti