Logo

İntihar etdiyi deyilən tələbə sifarişlə öldürülüb? - İDDİA

18.11.2022 12:22 10459 baxış
IMG

"Mənim oğlum Səmədov Şəhriyar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4-cü kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı".

Tehsil.biz xəbər verir ki, bunları bir müddət əvvəl paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asaraq intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Şəhriyar Səmədovun atası Şahin Səmədli bildirib.

O, oğlunun oktyabr ayının 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədinin tapıldığını qeyd edib: "Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün Asan Xidmətə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?"

Şahin Səmədli Prezident İlham Əliyevə və baş prokurora müraciət edərək bildirib: "Axı biz hüquqi dövlətdə yaşayırıq. Konstitutsiya ilə hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur. Bəs niyə belə istedadlı gəncin ölümündən 43 gün keçib, Nizami Rayon Prokurorluğunda hələ də cinayət işi açılmayıb? Bir toyuq oğurlayana cinayət işi açıldığı halda bəs nə mane oldu bu işin açılmağına, prokurorluğun müstəntiqi maraqlı olmadı? Yalnız ehtimallarla, izahatlarla bu işi ört-basdır etməyə çalışırlar. Cənab Prezident, cənab baş prokuror, mənim övladımın intihar etməsi çox şübhəlidir: ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər. Nizami rayon Prokurorluğunda bu müddətdə cinayət işinin açılmaması, ört-basdır edilməsi şübhələrimi daha da artırır. Sizdən xahiş edirəm, mənim oğlumun ölüm səbəbinin ciddi araşdırılması işini nəzarətinizə götürəsiniz".

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Şəhriyar Səmədovun özünü asması ilə bağlı xəbər vermişdik. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Həmçinin oxuyun: Atası intihar edən tələbə oğlundan yazdı: "Sənə o qədər ümidlərimiz var idi ki..."

Xəbər lenti