Logo

DİM fransız dili üzrə mütəxəssislər üçün təlimlərə qeydiyyat elan edib

17.11.2022 13:08 269 baxış
IMG

Noyabrın 29-dan dekabrın 1-dək Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda Fransız İnstitutu (İFA) ilə birgə qiymətləndirmə materiallarının hazırlanması və ekspertizası ilə bağlı təlim keçirməyi planlaşdırır.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hər biri 5 saat olmaqla 3 günü əhatə edəcək təlim proqramı Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Təlimdə iştirak etmək istəyən namizədlərdən fransız dilinin tədrisi üzrə pedaqoji təcrübə, minimum B2 səviyyəsində fransız dili biliyi (beynəlxalq dil sertifikatı arzuolunandır), biliyin qiymətləndirilməsi ilə bağlı təməl biliklər tələb olunur.

Seçilmiş namizədlər elanda qeyd olunan tarixlərdə təlimdə əyani iştirak, sonrakı müddətdə müxtəlif dil səviyyələri üzrə keyfiyyətli yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası prosesində iştirak, həm Bakı, həm də region məktəblərində fənn müəllimləri ilə iş birliyi kimi öhdəlikləri yerinə yetirəcəklər.

Təlimi uğurla bitirən iştirakçılar yerli və beynəlxalq təcrübəyə əsasən xarici dil bilmə səviyyəsini ölçmək üçün yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsində, DİM tərəfindən təşkil olunan fənlər üzrə işçi qrupunda iştirak etmək, davamlı peşəkar inkişaf və təcrübə mübadiləsi etmək, tədris zamanı öyrənənlərin xarici dil üzrə bilik və bacarıqlarını ən düzgün şəkildə qiymətləndirilməsini həyata keçirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, təlim fransız dilində olacaq. Təlimdə iştirak etmək istəyənlər noyabrın 20-dək DİM-in saytındakı link vasitəsilə qeydiyyatdan keçməlidir. Noyabrın 23-dək iştirakınızın təsdiqinə dair sizə məlumat göndəriləcək.

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanları vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]  (və ya: [email protected] )

Xəbər lenti