Hüquq və İnsan Haqları İnstitutunda professor Fərhad Mehdiyev tərəfindən “İnsan hüquqlarına dair mübahisələrin beynəlxalq tribunallara götürülməsində ratione materiae kriteriyası” mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Bildirilib ki, institutun əməkdaşları üçün təşkil olunan təlimdə əvvəlcə Roma hüququndan gələn latın mənşəli “ratione materiae” və digər terminlərin müasir dövrdə Beynəlxalq Məhkəmənin qərarlarında tətbiq olunması məsələsinə toxunulub. Həmçinin Avropa Məhkəməsinin presedent hüququ, dövlətlərin neqativ və pozitiv öhdəlikləri, irqi ayrı-seçkilik kimi məsələlər təhlil olunub.
Təlim zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası ilə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin müddəalarının müqayisəli təhlili aparılıb. Avropa İnsan Hüquqları Məhkəməsində icraat proseduru, vətəndaşların müraciətlərinə baxılma qaydası və müvafiq Konvensiyanın birinci fəslinin müddəalarının tətbiqi kriteriyaları vəİnkorporasiya anlayışı barədə məlumat verilib.
F.Mehdiyev Avropa sistemi və BMT sisteminin mahiyyətinə toxunaraq, əyani faktlar əsasında beynəlxalq sənədlərin ayrı-ayrı maddələrini ətraflı şərh edib.
Təlimdə əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılıb.