"Uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir, Elm və Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb. Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri ləğv olunan, amma nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan bu iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
O qeyd edib ki, çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir:
"Halbuki uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər. Vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nda rəqəmsal dərslik - rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərsliklərdən istifadəni görürəm".
Təhsil eksperti bildirib ki, son illər tədris prosesində, xüsusən də dərslik sahəsində bir sıra yeniliklər baş verib:
"Bu yeniliklər, heç şübhəsiz, dərsliklərin məzmun və keyfiyyətinə, formatına müsbət mənada təsir edib. Bir neçə ildir, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər bu sahədə atılan uğurlu addımlardandır. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər".
Ekspertin sözlərinə görə, dərslərin internetin köməkliyi ilə keçirilməsinin də bir sıra üstün cəhətləri var:
"Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir. Heç şübhəsiz, elektron dərsliklərin artırılması və planşetlərin tətbiqinin sürətləndirilməsi məktəbli çantalarını yüngülləşdirər".