Logo

Lerikdə “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans keçirilib

11.11.2022 17:53 271 baxış
IMG

10-11 noyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən  konfransı giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini ˗ İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova rayondakı dini durum, dinə dövlət qayğısı barədə danışıb.  

Komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ölkəmizdə dinlərarası bərabərlik prinsipi dövlətin dinə münasibətinin əsas prinsipi hesab edilir. Azərbaycan dünyəvi dövlətdir, buna baxmayaraq, din ilə bağlı məsələlərdə dövlət vətəndaşların tələblərinə biganə qalmır. Azərbaycanda dövlətin din siyasətinin istiqamətini müəyyənləşdirən əsas amillərdən biri də dinin siyasiləşməsinin qarşısının alınmasıdır. Komitə rəsmisi qeyd edib ki, ölkəmizdə tarixən formalaşan dini tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən bir ənənəyə çevrilib. Bu ənənəni təhdid edən radikal dini cərəyanların yayılması, sosial dəyişikliklərin gözlənilməyən bəzi mənfi nəticələri və digər problemlərin aradan qaldırılması, beləliklə, tolerantlıq ənənəsinin qorunub-saxlanması böyük əhəmiyyət kəsb edir. S.Salahlı vurğulayıb ki, radikalizmlə mübarizə çərçivəsində milli-mənəvi dəyərləri əsas götürən dini maarifləndirmə, eyni zamanda, çoxmədəniyyətli cəmiyyətin inkişafı üçün zəruri olan sosial, mədəni, hüquqi şəraitin təmin edilməsi də mühüm rol oynayır.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin  təşkili sahəsində dövlətin həyata keçirdiyi tədbirləri iştirakçıların nəzərinə çatdırıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev çıxış edərək mövzunun aktuallığı barədə fikirlərini bölüşüb.

İkigünlük konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Xəbər lenti