Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Tehsil.biz xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Masallı Regional “ASAN xidmət” Mərkəzində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayon E. Şahmərdanov adına Tasmalı kənd və Qax rayon Ə. Abdullayev adına Marsan kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Şorabad qəsəbə tam orta məktəbində, Aran Regional Mərkəzinin tərəfindən Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı-Qaraqoynlu kənd tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən isə Bakı şəhəri, Sabunçu rayon 307 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.





