Logo

Biofizika İnstitutunda Zəfər Günü qeyd edilib

06.11.2022 00:20 586 baxış
IMG

Biofizika İnstitutunun Yeni Azərbaycan Partiyası (YAP) özək təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində Tərtər, Bərdə və Gəncədə həlak olmuş dinc sakinlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək peşakarlıqla apardığı 44 günlük döyüş əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və 30 illik işğala son qoyuldu. “Bu parlaq tarixi qələbə ilə müzəffər ordumuz tərəfindən həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın intiqamı mənfur düşməndən alınmış oldu”, – deyə O.Qasımov qeyd edib.

Daha sonra Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyeva çıxış edərək 2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, xalq-ordu-dövlət birliyindən, qazanılan qələbələrdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb.

Gənc alimin çıxışı Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

Xəbər lenti