Neft və Qaz İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri institutun baş direktoru, akademik Fəxrəddin Qədirov açaraq, bu böyük qələbənin Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdığını vurğulayıb. Qeyd edib ki, şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisası döyüş meydanında alınıb, işğalçı Ermənistana layiq olduğu yer göstərilib.
İnstitutun icraçı direktoru professor Vaqif Qurbanov çıxış edərək, bu zəfərin, ilk növbədə, ölkədə ordu, xalq və dövlət birliyinin mövcudluğu, bu istiqamətdə illərlə aparılan düşünülmüş dövlət siyasəti, güclü ordu və mərd vətən övladlarının şücaəti sayəsində mümkün olduğunu söyləyib.
İnstitutun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov Zəfər bayramının Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını bildirib.
Gənc Alim və Mütəxəssislər Şurasının katibi Rahilə Əliyeva gənclərin İkinci Qarabağ müharibəsində sosial şəbəkələrdə necə fəal olduqları və hər zaman Vətən üçün hazır olduqları barədə fikirlərini bölüşüb.
Tədbir Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin Zəfər Gününə həsr olunmuş videotəqdimatla yekunlaşıb.