"Hesab edirəm ki, təhsil müəssisələrində fəaliyyət göstərən bəzi müəllimlərin təhsil qanunvericiliyindən, məktəbşünaslıqdan, ümumiyyətlə təhsildən anlayışları yoxdur. Onlar ilk növbədə bilməlidirlər ki, məktəbin pedaqoji şurası var və onsuz da valideynlər həmin şurada iştirak edir. Yəni valideynlər də məktəbin idarə olunmasında söz sahibidirlər".
Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib.
O bildirib ki, həmin şəxslərin məktəblə bağlı anlayışları, məlumatları olmadığına görə elə bilirlər ki, müəllimlər yalnız tədris prosesində iştirak edir, ancaq bu belə deyil:
"Hər kəs bilməlidir ki, valideynlər məktəbin idarə olunmasında yaxından iştirak edirlər. Valideynlər məktəbə qeyri-qanuni pul verməyə məcbur deyillər. Onu da qeyd edim ki, heç bir valideyn məktəbə fondpulu verməyə məcbur və ya borclu deyil. Ötən tədris ilində də bu xoşagəlməz hallarla qarşılaşmışdıq. Belə ki, sinif rəhbərləri valideynlərdən KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) suallarını çap etdirmək üçün pul alırdılar".
"Təhsil verən müəssisələrdə qapıçı pulu, fondpulu adı altında pulların yığılması biabrçılıqdan başqa heç bir şey deyil. Araşdırmalar zamanı bir sıra valideynlər belə şərh etmişdirlər: "bizim pulumuz olsa, övladımızı repetitor yanına hazırlığa qoyardıq.
Əlavə olaraq bu fakt da danılmazdır ki, müəllimlər də məktəbdə göstərdikləri fəaliyyətlərinə görə verilən əməkhaqqından qane deyillər. Ona görə də hər hansısa ad altında pul almaq bəhanəsini uydururlar.
Təhsil qanununa əsasən məktəb üçün A4 vərəqləri, printer təchizatı, qələmlər və rəngli karandaşların Hər biri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, təhsil idarələri tərfindən təmin olunmalıdır.
Sözügedən qanunlara baxmayaraq məktəb direktorları bildirir ki, Elm və Təhsil Nazirliyi, Təhsil idarələri məktəbləri heç bir təchizatla vaxtlı-vaxtında təmin etmirlər. Bu da tədris prosesində ləngimələrə və müəllim-şagird narazılığına səbəb olur", - Ə.Ələkbərov əlavə edib.