Logo

Şirvanda “Din və ideoloji təhlükəsizlik” mövzusu müzakirə olunub

05.11.2022 14:13 259 baxış
IMG

Noyabrın 5-də Şirvan şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, QMİ-nin qazısı Hüsnü Həsənov, həmçinin bölgənin din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini A. Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi sabitlik və inkişaf möhkəm əsaslar üzərində qurulub. Şirvan şəhərindəki dini durum barədə də ətraflı məlumat verən natiq qeyd edib ki, şəhərdə dini durum sabitdir, dindarlar sərbəst şəkildə dini ibadətlərini yerinə yetirirlər.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən vasitəyə çevrilməkdədir. Bu baxımdan dini təhlükəsizlik milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir: “Yaxın Şərqdə hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək mümkündür”. Dünyada dinin siyasiləşdirilməsi hallarına da rast gəlindiyini diqqətə çatdıran sədr müavini bildirib ki, dinin siyasiləşdirilməsi milli kimliyin dini kimliklə toqquşması, yaxud dini kimliyin milli kimliyi üstələməsi, dünyəvi dövlət prinsiplərinin və tolerantlığın zəiflədilməsi, ekstremist, radikal, məzhəbçi təbliğatların aparılması, siyasi fəaliyyətin, maraqların həyata keçirilməsində din və dindar amilindən istifadə olunması və s. kimi proseslərdən ibarətdir. “Təəssüf ki, bəzi qeyri-ənənəvi dini qruplar və cərəyanlar təkcə milli kimliyimizə qarşı deyil, hətta milli adət-ənənələrimizə və mədəniyyətimizə qarşı çıxırlar. Onların bu məzmundakı strategiyaları dini kimliyin milli kimliyimizə, o cümlədən Azərbaycançılıq məfkurəsinə qarşı qoyulması kimi dəyərləndirilməlidir. Halbuki, Azərbaycançılıq mahiyyət etibarilə İslama dair anlayış və prinsipləri də ehtiva edir. Qeyd edilməlidir ki, din bizim üçün milli ideologiya deyil, amma milli ideologiyamız olan Azərbaycançılığın əsas tərkib hissəsini təşkil edir. Bu ideya özünün ən bariz ifadəsini Azərbaycan Respublikasının Dövlət Bayrağında və milli məfkurəmizdə tapır”-, deyə S. Heydərov əlavə edib.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, tolerantlıq və multikulturalizm mövzusunda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edən DQİDK-nn sədr müavini bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu istiqamətlərdə həyata keçirilmiş bir çox ölkədaxili və ölkəxarici tədbirlər yüksək qiymətə layiqdir. S. Heydərov, eyni zamanda Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görüldüyünü də diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti