Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Qarabağda dalğalanan bayrağımız” mövzusunda tədbir keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il bu əlamətdar gün xalqımız və dövlətimiz tərəfindən xüsusi rəğbət və sevgi ilə qeyd olunur: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş üçrəngli bayraq hələ sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldılıb. Həqiqətən də, “Bir kərə yüksələn bayraq bir daha enməz” sözü öz yerini tutub. Ulu Öndərin Azərbaycan sevgisi o dərəcədə böyük idi ki, sovet dövlətinin hələ son dərəcə qadir olduğu bir vaxtda sanki kiçik Naxçıvan bütün SSRİ-yə qarşı qiyam etdi. Ulu Öndərin Naxçıvan Milli Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanda SSRİ bayrağı endirilib yerinə Azərbaycanın milli rəmzi olan üçrəngli bayraq ucaldılıb”.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Bayrağımızın 9 noyabrdan başlanan bir əsrlik yolu” mövzusunda çıxış edib. Qeyd olunub ki, üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Leyla Hacıyeva “Bayraq dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi kimi”, Xarici dillər kafedrasının müəllimi Mələk Muxtarova “Bayraq sözü müasir anlamda”, Regionşünaslıq kafedrasının müəllimi Rüfət Ağaqasımov “Bayrağın dövlət atributu kimi formalaşması tarixindən” mövzularında çıxış ediblər.
Tədbir Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin səsləndirilməsi ilə yekunlaşıb