"Şagird sıxlığını ümumi təhsil müəssisələrinin sayı ilə əlaqələndirmək doğru olmaz. Məktəblərdəki sıxlıq ümumi bütün respublika ərazisi üçün xarakterik deyil. Bu hal paytaxtın mərkəzindəki məktəblərdə daha çox müşahidə olunur".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Ekspertin sözlərinə görə, ölkədə əksər valideynlər övladlarının “elit təhsil ocağı” kimi tanınan məktəblərdə təhsil almasına çalışırlar:

"Uzun illər məktəbə qəbul ərazi üzrə həyata keçirilib. Müəyyən ərazidə yaşayan şagirdlər orada yerləşən məktəbdə təhsil alırdılar. Buna görə də hər məktəb burada təhsil almalı olan uşaqların sayını və kimlərin tədrisə cəlb edilmədiyini yaxşı bilirdi. Sonralar isə məlum olduğu kimi valideynlərə məktəb seçimi üçün sərbəstlik verildi. Qərara əsasən, valideynlər övladlarını istədikləri ərazidə yerləşən məktəbə qeydiyyatdan keçirə bilərdilər. Hətta onlara məktəblə yanaşı müəllim, sinif seçmək imkanları da yaradıldı. Nəticədə isə belə bir vəziyyət meydana gəldi”.
Nadir İsrafilov bildirib ki, valideynlər məktəbi müəllimlərin yaxşı olmasına görə seçir:
“Bizim valideynlərdə belə bir xüsusiyyət var, hansı məktəbdə müəllim yaxşıdır, övladını həmin məktəbə qoyur. Məsələn, Əhmədlidə yaşayan şəxs övladını şəhərdəki 1 nömrəli məktəbə təhsil almağa göndərir. Həmçinin bəzi məktəblər də lisey və gimnaziyalara çevrildi. Bu hallar da öz növbəsində sıxlıq problemini artırdı. Bir müddət sonra isə yenidən şagirdlərin ərazi üzrə yerləşdirilməsi qərarı qəbul edildi. Hazırda valideynlərə müəyyən qədər müstəqillik verilib. Məktəb ərazisi üzrə uşaqları təmin etdiyi halda boş yer qalarsa, o zaman qonşu küçələrdən şagird qəbul etmək olar”.