Logo

Kamran Əsədov: "Siz kimsiniz, şagirdi məktəbdə saxlayasınız?!"

02.11.2022 16:45 1612 baxış
IMG

"Azərbaycanda təhsil icbaridir və heç bir halda şagird məktəbdən, tədris prosesindən kənarlaşdırıla bilməz".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin şagirdlərin sinifdən-sinfə keçmə qaydaları var və həmin qaydalara əsasən şagirdlərin hansı halda sinifdə qalma məsələləri tənzimlənib:

"Hesab edirəm ki, İntizam Şurası layihəsini təqdim edən şəxslərin təhsil qanunvericiliyindən, məktəbşünaslıqdan, ümumiyyətlə, təhsildən anlayışları yoxdur. Onlar ilk növbədə bilməli idilər ki, məktəbin pedaqoji şurası var və zatən valideyn həmin şurada iştirak edir. Yəni valideyn onsuz da məktəbin idarə olunmasında söz sahibi olaraq iştirak edir. Beləliklə, həmin şəxslərin məktəblə bağlı anlayışları, məlumatları olmadığına görə elə bilirlər ki, müəllim ancaq tədris prosesində iştirak edir. Amma belə deyil. Hər kəs bilməlidir ki, valideynlər məktəbin idarə olunmasında yaxından iştirak edir".

Ekspertin sözlərinə görə, yaradılacaq İntizam Şurası daha çox cəza vermək metodunu hədəfləyib ki, bu da beynəlxalq təcrübədə qəbul edilməyən bir normadır:

"Yəni təhsil prosesi o qədərmi idarəolunmadan kənarda qalıb ki, mövcud vəziyyətdən çıxış yolu kimi yalnız cəzalanma ortalığa  qoyulur. Məsələn, təklif olunan layihədə “şagirdin məktəbdə saxlanılması” məsələsi qeyd olunub. Siz kimsiniz və sizə kim hüquq verib ki, şagirdi məktəbdə saxlayırsınız? Lap şagirdi dərsdən sonra məktəbdə saxladınız, həmin uşaq hansı sinif otağında saxlanılacaq? Axı bütün siniflər dərs otaqlarıdır, orada dərslər keçirilir. Saxlanılan şagird üçün ayrıca otaq varmı? Müəllimlər pedaqoji işlə məşğuldurlar, bəs onda həmin uşağa kim nəzarət edəcək? Yaxud yazılıb ki “müəllim baxışı”. Bu sözü heç olmasa, tərcümə etsinlər ki, nə demək istəyirlər. Və yaxud yazılıb ki, “psixoloqa yönləndirmə”. Onsuz da psixoloqa yönləndirmə ilk addımda atılır və bununla bağlı qanunvericilikdə qeyd olunub. Bu cür yaradılan şuralar, sadəcə, oyuncaq xarakterlidir. Yəni mən bu şuradan hər hansı bir yenilik gözləmirəm. Bizim məktəbşünaslığımız, təhsil haqqında kifayət qədər qanunlarımız və sairə var ki, orada şagirdlərin vəzifələri, öhdəlikləri qeyd olunub. Şagirdin həmin qaydalara əməl etməyinə dair normalar var".

K.Əsədov hesab edir ki, İntizam Şurası layihəsinin yaradılması Azərbaycanda təhsilin məhv edilməsinə yönəldilmiş layihədən başqa bir şey deyil:

"Çünki orada qeyd edilən cəza normaları konfliktlərə gətirib çıxaracaq. Məsələn, hansısa valideynin hansısa uşaqdan xoşu gəlməsə, avtomatik olaraq onu müzakirəyə çıxartmağa, cəzalandırılmasını tələb etməyə çalışacaq. Dərsi pozan şagirdi sinifdən çıxartmaqla, məgər nəyə nail olacağıq? Dünya təcrübəsi birmənalı şəkildə cəzalandırmadan çəkinməyi tövsiyə edir. Şagirdlərin bu cür cəzalandırılması onların məktəbə, müəllimə qarşı aqressiyasını artıracaq. Nəticədə şagirdlər məktəbdə müəllimə qarşı birləşəcək və konflikt daha da böyüyəcək. Konflikt böyüdükcə bura valideynlər də daxil olacaq və nəhayət, məktəbdə tədris prosesi pozulacaq. Bununla da yenilik kimi təqdim edilən İntizam Şurası biabırçılıqdan başqa bir şey deyil".

Xəbər lenti