"Yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
O qeyd edib ki, məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur:
"Telefon qadağası əleyhdarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə mənfi təsir göstərir. Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərirməyə başlayıb. Təhsil rəsmilərimizin mövqeyi isə hələlik bundan ibarətdir ki, bu məsələ məktəblərin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, dünya təcrübəsinin müsbət nümunələrindən yararlanmağa çalışırıqsa, bu kimi məsələlərdə də başqa ölkələrin təcrübəsindən yararlana bilərik".
Ekspertin sözlərinə görə, dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır:
"Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına belə ehtiyac yoxdur. Təkzib olunmaz faktdır ki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisəsi rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, cəmiyyətin qınaq obyektinə çevrilə biləcək vəziyyətlər bir o qədər qaçılmaz olacaq".