Logo

Canlı əfsanə - Vətən Müharibəsi Qəhrəmanı: Mirdamət Bağıyev

30.10.2022 11:56 816 baxış
IMG

Mirdamət Səristan oğlu Bağıyev (15 noyabr 1986, Şamaxı rayonu, Poladlı kəndi) Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı

P.S.

Mirdamət Bağıyev 1986-cı il noyabrın 15-də Şamaxı rayonunun Poladlı kəndində anadan olmuşdur. 1992-ci ildə M. Kərimov adına Poladlı kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş və 2003-cü ildə məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2007-ci ildə ali hərbi təhsilini “yerüstü artileriya” ixtisası üzrə başa vurmuşdur. 2007-ci ildən 2009-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici olmuşdur. Ailəlidir. 2 övladı vardır. Mirdamət Bağıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində gedən şiddətli Aprel döyüşləri zamanı Ermənistan Ordusunun 7 ədəd tankını, 1 ədəd Piyadanın Döyüş Maşınını (PDM), 1 ədəd Komandir maşınını və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv eləmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən təltiflərə layiq görülmüşdür.

Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə “Aprel döyüşləri” olaraq yazılan hərbi əməliyyatlar zamanı Mirdamət Bağıyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Mirdamət Bağıyev öz heyəti ilə birgə aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən döyüş əmri gələndən sonra tankların arxasınca İncəçay çayı istiqamətindən Ermənistan Ordusunun mövqelərinə tərəf irəlləməyə başlamışdır. Mirdamət Bağıyev öz heyəti ilə birgə səddi yaran tankın arxasınca irəlləmişdir. Səddi ötəndən sonra Bağıyevin heyətinə cinahlardan da atəş açılmağa başlanmışdır. Mirdamət Bağıyev də qarşı tərəfin atəş açdığı mövqeləri susdurmaq məqsədi ilə avtomatdan atəş açmışdır. Döyüş zamanı yaralanır. 5,45 x 39 millimetrli aşağı impulslu güllə onun sol qolundan girib, kürəyindən çıxmışdı. Güllənin təsirindən yerə yıxılan Mirdamət Bağıyev, əsgərlərin ruhdan düşməməsi üçün tez ayağa qalxmış və yaralanmağını onlara bildirmədən döyüşə davam eləmişdir. Ancaq bir müddət sonra onun ağrıları çoxalmışdır. Qanaxma da dayanmadığı üçün o, hərbiçi yoldaşlarından kömək istəmiş və qanaxmanın qarşısı alınmışdır. Lazımi mövqelərə çatdıqdan sonra Mirdamət Bağıyevə tibbi yardım göstərilmişdir. Əlverişli nöqtələrdə mövqelənəndən sonra Mirdamət Bağıyev “SPAYK” Tank Əleyhinə İdarəolunan Raketlə uğurlu atəşlərə başlamışdır. Əvvəlcə o, Ermənistan Ordusunun Komandir maşınını müşahidə eləmişdir. Həmin maşına bir neçə nəfər zabitin mindiyini və maşının tam dolmasını müşahidə edəndən sonra birinci atəşi reallaşdırmışdır. Atəş düz maşının ortasına dəymiş və nəticədə maşın darmadağın olmuşdur. Bundan sonra Ermənistan Ordusnun ərazidən qaçan şəxsi heyətinin yığışdığı maşını müşahidə edən Mirdamət Bağıyev, 25 nəfərin həmin maşına mindiyini müşahidə edəndən sonra atəş açmışdır. Həmin atəş də qurğunun texnoloji yardımı ilə düz maşının ortasına dəyərək maşını parça-parça etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə mayor Mirdamət Səristan oğlu Bağıyev “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir. Cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirdamət Bağıyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirdamət Bağıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Mirdamət Bağıyev: - Mən bir Azərbaycan zabiti kimi öz vəzifə borcumu dövlətimin ərazi bütövlüyünü tam təmin etdikdən sonra yerinə yetirmiş olacam. …hər an, hər dəqiqə cənab Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazıram.

Təltifləri:

1.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - (26.06.2008)

2.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - (26.06.2013)

3. III dərəcəli “Vətənə xidmətə görə” ordeni (20.04.2016)

4. ”Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2018)

5. Qüsursuz xidmətə görə III dərəcəli medalı - (26.06.2018)

6. “İgidliyə görə” medalı (24.06.2019

7. “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adı

8. “Suqovuşanın azad olunmasına görə” medalı

İstifadə edilmiş resurslar:

1.https://az.wikipedia.org/wiki/Mirdamət_Bağıyev

2.https://az.wikipedia.org/wiki/Mirdamət_Bağıyev

3.https://president.az/articles/48679

4.https://www.facebook.com/watch/?v=4660645260629883

5. https://www.facebook.com/100018471704818/videos/1377798092686775/

6.https://sinxronfenler.blogspot.com/2022/05/canl-fsan-vtn-muharibsi-qhrman-mirdamt.html

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

Xəbər lenti