Logo

ADPU-nun Şəki filialında unikal layihə: oyuncaq və cizgi filmlərinə aid tələbə konfransı, kukla teatrı, oyuncaq sərgisi

30.10.2022 11:41 471 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, baş müəllim Səadət Feyzullayevanın təşkilatçılığı ilə maraqlı layihə həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində “Cizgi filmləri və nağılların 3-5 yaşlı uşaqların inkişafında rolu” mövzusunda tələbə elmi-praktik konfransı  təşkil edilib. Filialın müəllim və tələbələrinin iştirak etdiyi konfransı elmi işlər üzrə direktor müavini p.ü.f.d., dos. Nuralı Çələbiyev giriş sözü ilə açaraq, qoyulmuş mövzunun aktuallığını qeyd edib. N.Çələbiyev cizgi filmləri və nağılların psixoloji tərəflərinin elmi əsaslarla, yaşa müvafiq qaydada seşilməsinin vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

S.Feyzullayeva cizgi filmləri, nağıl qəhrəmanları və oyuncaqlara verilən müasir tələblərdən danışıb, onların uşaqların təfəkkürünün, sosial intellektinin formalaşmasında böyük rola malik olduğunu qeyd edib.

Sonra “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri, - Rəvanə Bayramovanın  ““Tıq-tıq xanım” nağılının müasir baxışdan təhlili”, Aişəgül Pirimovanın “Cizgi filmlərinin 3-5 yaşlı uşaqların inkişafına təsiri”, Səbinə Mustafabəylinin “Uşaqların inkişafında əmək tərbiyəsinin və yaradıcılıq işlərinin rolu”, Fəridə  Hüseynovanın “Kukla teatrı”, Fərqanə Hacı-Xəlilovanın “Oyuncaqlar” mövzusunda - çıxışları dinlənilib.

Çıxışlar başa çatdıqdan sonra həmin ixtisasın tələbələri oyuncaqların müxtəlif texnikalarla hazırlanma qaydalarını nümayiş etdiriblər.

Konfransın sonunda pedaqoji fakültənin dekanı, fil.ü.f.d., b.m. Xalidə Abdullayeva yekun nitqi ilə çıxış edərək, konfransın praktik əhəmiyyətini vurğulayıb, təşkilatçılara və tələbələrə təşəkkürünü bildirib. 

Konfrans başa çatdıqdan sonra layihənin davamı olaraq, filialın “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri tərəfindən hazırlanan “Şəngülüm, şüngülüm, məngülüm” kukla teatrı nümayiş etdirilib. Qeyd edək ki, bu, filialın tarixində ilk dəfə olaraq təşkil edilib.

Layihə çərçivəsində təşkil olunan  “İkici həyat” - oyuncaqlar sərgisi böyük marağa səbəb olub.

Sərgidə “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında təhsil alan tələbələrin yumşaq, aplikasiya və təbii materiallardan hazırladıqları əl işləri - oyuncaqlar nümayiş etdirlib. 

Sərgi noyabrın 1-nə kimi davam edəcək. Sonda sərgiyə  ən yaxşı iş təqdim edən tələbələrin mükafatlandırılması və konfrans iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur. Kukla teatrı və sərginin videoyazısı filialın yutub kanalında yerləşdiriləcək.

Xəbər lenti