Logo

Məktəblərdə dərslik problemi nə vaxt həll ediləcək? - RƏSMİ

29.10.2022 16:09 645 baxış
IMG

Tədris ilinin başlanması ilə Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq olduğunu bildirirlər.

Tehsil.biz xəbər verir ki, dərslərin xeyli zamandır başlanmasına baxmayaraq bu problemin həllini tapmaması etirazlara səbəb olur.

Belə ki, bəzi məktəblərdə müəllimlərin valideynlərə əldə olan dərslikləri öz hesablarına çıxarmalarının tövsiyə edildiyi, bəzi məktəblərdə isə şagirdlərin telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qaldıqları qeyd olunur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır:

"Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır".

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva sentyabr ayının əvvəlində qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yarandığını, artıq həmin məsələnin öz həllini tapdığını və dərslik çatışmazlığı ilə bağlı problemin olmadığını bildirmişdi.

Xəbər lenti