Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qaliblərindən biri də “Mənim büdcəm" layihəsidir.
Layihə maliyyə savadlılığı istiqamətindədir.
Layihənin əsas məqsədi VIII-XI (13-15 yaş aralığı) sinif şagirdləri üçün gəlir və xərclərin idarə edilməsi biliklərini aşılamaqdır.
Sahib olduğumuz maddi imkanların səmərəsiz və mənasız yerə sərf edilməsi, doğru bir şəkildə xərclənməməsi fərdlərə, cəmiyyətə və dövlətə çox böyük zərər verir. Maarifləndirmənin insanların maliyyə resurslarından səmərəli şəkildə istifadə bacarıqlarının artırılmasında əhəmiyyətli rolu olacaqdır. Deməli, hər bir insan öz gəlirlərinə uyğun xərclərini idarə etməli və ya əksinə, xərclərinə uyğun qanuni yolla gəlir əldə etməlidir.Yaranan iqtisadi problemlərin əsas səbəblərindən biri də maliyyə savadsızlığı, maliyyə maarifləndirməsinin kifayət dərəcədə olmamasıdır. İnsanlar yaşanan fəlakətləri görüb səbəblərini dərk etməli və bu fəlakətlərin təkrarlanmaması üçün maariflənməlidir. Ailə büdcəsini düzgün idarə edilməməsi bir çox fəsadlara gətirib çıxarır:
- insan özü və ailə üzvləri tez-tez stress yaşamalı olurlar,
- bir müddət borc və nisyə hesabına alınan vəsaitlər sonda ödənilə bilməyəcək öhdəliklər yaradır və eyni zamanda ailə münaqişələri yaranır, ailələr dağılır və sairə;
İzafi və düzgün olmayan borclanmalar mövcud əmlakın əldən çıxması, azadlıqdan məhrumetmə vəşs məsuliyyətlər yaradır.
Düzgün idarə edilməyən gəlirlər və xərclər növbəti mərhələlərdə qeyri-leqal qazanc əldə edilməsinə yol açır. Bu da ilk növbədə dövriyyədə çirkli pulların yaranmasına, korrupsiyanın formalaşmasına səbəb olur. Qeyd olunan problemlər hər biri cəmiyyətdə iqtisadi və mənəvi tənəzzül yaradır. Bu baxımdan ölkəmizdə təhsil sektorunda mühüm addımlar atılmalı, maarifləndirmə işləri aparılmalıdır. Bu gün dövlətin siyasi gücünü tənzimləyən “büdcə” anlayışı məktəb sıralarında əyləşən şagirdlərə şüurlu öyrədilməli və bacarıq kimi onlarda formalaşdırılmalıdır.



