Logo

Lənkəranda tələbələr Təhsil Tələbə Krediti Fondunun təklif etdiyi imkanlar barədə məlumatlandırılıb

28.10.2022 23:38 267 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun (TTKF) təbliğat-təşviqat məqsədli görüşləri davam edir.

Fonddan bildirilib ki, növbəti görüş Lənkəran Dövlət Universitetində (LDU) keçirilib.

Universitet tələbələrini, xüsusən də I kursda təhsil alanları fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq məqsədi daşıyan tədbiri LDU-nun ümumi işlər üzrə prorektoru Novruz Həsənquliyev açıb. İştirakçıları tədbirin məqsəd və məramı ilə bağlı məlumatlandıran N.Həsənquliyev bildirib ki, Təhsil Tələbə Krediti Fondu ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. O, çıxışında TTKF-nin tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini I kurs tələbələrinin diqqətinə çatdırıb.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tədbirdə geniş təqdimatla çıxış edib. O, Fondun yaradılması, fəaliyyəti, Fond tərəfindən bu günədək görülən işlər barədə geniş məlumat verib. Araz Paşayev sosial yönümlü olan TTKF-ni uğurlu təhsil islahatı kimi dəyərləndirib, fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirib ki, bu güzəştli kredit ali təhsili cəmiyyətin bütün təbəqələri üçün əlçatan edir, aztəminatlı ailələrin üzərinə düşən yükü azaldır, ödənişli əsaslarla oxuyan tələbələrin təhsil maraqlarının qarşılanmasına xidmət edir.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti