Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “İnkişaf edən Çin: son onilliyin nəticələri” mövzusunda bir sıra elmi-tələbə seminarları keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarları giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Kommunist Partiyasının Çində keçirilmiş tarixi 20-ci qurultayının yekunlarından danışıb, Çinin növbəti 5 il üçün inkişafının əsas məqsəd və vəzifələrinə diqqət yetirib.
R.Abbasov qeyd edib ki, Çin bundan sonra da islahatlar aparacaq və ölkənin açıqlığını genişləndirəcək, dövlət idarəçiliyini müasirləşdirəcək, sosialist bazar iqtisadiyyatının daha mükəmməl sistemini formalaşdıracaq, elmi-texniki, innovativ potensialı gücləndirəcək, milli təhlükəsizliyin təmin edilməsi və silahlı qüvvələrin müasirləşdirilməsi, beynəlxalq aləmdə statusunun və təsirinin gücləndirilməsi, həmçinin tarixi Böyük İpək Yolunun dirçəldilməsi üçün “Bir kəmər, bir yol” qlobal layihəsinin həyata keçirilməsini gücləndirəcəkdir. R.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünü də xatırladaraq bu görüşdə Azərbaycanın nəqliyyat-logistika imkanlarının Çinlə Avropa arasında beynəlxalq yükdaşımalarda mühüm rol oynadığını da qeyd edib.
ADU-nun çinşünas tələbələri öz təqdimatlarında Çinin dünyanın ikinci iqtisadiyyatına və planetin ən böyük ixracatçısına çevrildiyini qeyd edərək, ölkənin yüksək texnologiyalı iqtisadiyyatın qurulması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, dünya miqyasında ən böyük telekommunikasiya şəbəkəsi, kosmik uçuşlar və Marsın tədqiqi sahəsində ilə bağlı əldə etdiyi uğurlardan danışıblar.
Həmçinin qeyd olunub ki, Çin mütləq yoxsulluğun aradan qaldırılması, koronavirusla mübarizə, orta dərəcədə firavan cəmiyyət qurulması, dünyanın ən böyük sosial təminat və səhiyyə sisteminin qurulması, ekoloji sivilizasiyanın qurulması, azad ticarət zonaları şəbəkəsi və digər sahələrdə strateji irəliləyiş əldə edib.
