Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Cəbrayıl günü” adlı tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Tədbirdə sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin əslən Cəbrayıldan olan fəal tələbələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Fakültənin I kurs tələbələri Nihad Yusifli və Xanımnənə Məmmədova Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında məlumat veriblər.
Eyni zamanda, bədnam ermənilər tərəfindən işğal dövründə Cəbrayıl şəhəri daxil olmaqla 4 qəsəbə, 92 kəndin talan edilərək yandırıldığı, 132 tarixi, mədəniyyət və dini abidənin dağıdıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda vuruşan 6 nəfər Cəbrayıl sakini Milli Qəhrəman adına layiq görülüb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Cəbrayıl rayonu da işğaldan azad edilib.
Sosial iş ixtisası üzrə III kurs tələbəsi Zümrüd Xudiyeva çıxışında hələ görmədiyi doğma Qarabağa sevgi hisslərinin ona valideynləri tərəfindən aşılandığını vurğulayıb.
Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Rufiz Quluzadə doğma Qarabağ bölgəsinin əsrarəngiz təbiəti, zəngin sərvətləri ilə fərqləndiyini deyib. O qeyd edib ki, birinci Qarabağ müharibəsində şəhid olmuş əmisi Rufiz Quluzadənin adını daşıyır. R.Quluzadə əmisinin nakam qalmış arzularını həyata keçirmək istədiyini diqqətə çatdırıb. O, həvəslə Cəbrayıla dönəcəkləri günü gözlədiyini və doğma ata yurdunda aparılan böyük quruculuq işlərində iştirak etmək arzusunda olduğunu ifadə edib.