Logo

Ekspertdən nazirlik rəsmisinə REAKSİYA: "Bu, məmura yaraşmır"

22.10.2022 11:20 995 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən günlərdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında tələbə təhsil kreditlərinin sosial kreditlər olduğunu, buna görə faiz tutulmadığını, hətta bəlkə dövlət başçısının bunu nə vaxtsa bağışlayaraq bu ödənişi tələb etməyəcəyini bildirmişdi.

Tehsil.biz xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov nazirlik rəsmisinin bu fikirlərinə münasibət bildirib.

Belə ki, ekspert nazirlik nümayəndəsinin bu tipli ifadəsinin məmura yaraşmadığını bildirib: "Birincisi, ona görə ki, Azərbaycan sosialyönümlü bir dövlətdir və ölkə başçısı mütəmadi olaraq insanların sosial vəziyyətini yaxşılaşdırmaq  məqsədi ilə əhalinin gəlirlərinin artırılması, bu və digər borclardan azad olunması istiqamətində işlər aparır, qərarlar, sərəncamlar verir, fərmanlar imzalayır. Ona görə də nazirliyin nümayəndəsi heç də narahat olmamalıdır ki, şəxslər krediti götürəndə gələcəkdə ölkə başçısı tərəfindən onun bağışlanmasını düşünəcəklər. Elm və Təhsil Nazirliyi sadəcə maraqlı olmalıdır ki, ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara uyğun kadr hazırlasın, məzunlar sonra əmək bazarında işlə təmin olunsun, işləsin, bu pulu geri qaytara bilsin".

Kamran Əsədovun sözlərinə görə, bu məsələdə Elm vəTəhsil Nazirliyinin üzərinə böyük yük düşür: "Bu vəsait dövlətin vəsaiti, insanların ödədiyi vergilərlə formalaşmış büdcədir və Azərbaycanın dövlət başçısı istənilən vaxt əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün bağışlaya bilər. Beləliklə, hesab edirəm ki, nazirliyin nümayəndəsinin bu açıqlaması tələbələrə qarşı qərəzdir, sanki problem tələbədədir. Əlbəttə, gəliri yaxşı olan bir məzun maraqlı olacaq ki, krediti ödəsin, üzərində yük qalmasın. Çünki istənilən halda kredit bağışlansa da, bu, passiv borc olaraq görünür. Xatırladım ki, bundan əvvəl Maarifçi Tələbə Kredit Fondu var idi. Həmin fond tərəfindən də tələbələrə kifayət qədər güzəştlərlə xeyli kredit verilmişdi. Sonda kredit götürənlər borcu geri qaytarmışdılar".

Xəbər lenti