Logo

AzMİU-da “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı olub

21.10.2022 15:22 266 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimatda AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Prorektor Orxan Naqdiyev və Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri Məhəbbət Məmmədov çıxış edərək kitab haqqında, yaşıl iqtisadiyyat və bu istiqamətdə aparılan elmi fəaliyyətin əhəmiyyətindən danışıblar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Yaşıl iqtisadiyyat” kitabı ilə bağlı geniş təqdimatla çıxış edib və tələbələrin suallarını cavablandırıb. Üç bölmə və yeddi fəsildən ibarət olan kitab iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “yaşıl iqtisadiyyat”: mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: çağırışlar və imkanlar kimi mövzuları əhatə edir.

Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərə geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.

Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və professor Nazim İmanov rəy veriblər.

Monoqrafiya Azərbaycanda “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanması üçün nəzərdə tutulub. Kitabdan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.

Xəbər lenti