Logo

“Biliyinə güvənən müəllim niyə imtahandan qorxmalıdır?”

21.10.2022 10:24 2249 baxış
IMG

Son 9 ildə, yəni 2013-2022-ci illərdə MİQ-dən keçərək işə qəbul edilmiş müəllimlərin sayı 38 213 nəfərdir. Onlardan 2190 nəfəri cari ildə keçirilmiş sertifikatlaşdırma prosesinə cəlb olunub, demək olar ki, mütləq əksəriyyəti prosesi uğurla tamamlayıb. Bu o deməkdir ki, MİQ müəllimlərin işə qəbulunda ən yaxşı platformadır. 

“Qafqazinfo” müsahiblərin MİQ və sertifikatlaşma mövzusunda suallara cavablarını təqdim edir:

Ceyhun Məmmədov - millət vəkili:

“Müəllimlərin işə qəbul prosesi kifayət qədər mürəkkəb prosesdir. Bəzən tənqid edirlər ki, tələbə universiteti bitirirsə, imtahan nəyə lazımdır? Amma dövlət qulluğuna necə edirik? Universiteti bitirir, dövlət qulluğuna imtahan verir və hansısa sahədə işə başlayırıq. Müəllimlərin işə qəbulu da imtahanla olmalıdır. Burada tam mənzərənin aydın olması üçün əvvəlki dövrə baxa bilərik. Bu səlahiyyətlər məktəblərə, rayon təhsil şöbələrinə verilmişdi. Həddindən artıq çox neqativ hallar var idi. Hamımız bilirik ki, hətta müəllim olmaq üçün konkret qiymətlər var idi. Vahid formada tənzimlənmə bu prosesi xeyli şəffaflaşdırdı. Belə imtahanlar keçirilməlidir və ona uyğun da təyinatlar olmalıdır. Ola bilər ki, hansısa yerdə çatışmazlıq olsun, amma məsələnin məğzi şəffaflığı təmin etməkdir. İmtahanla olmasa biz bu şəffaflığı təmin edə bilmərik. Əgər siz müəllimlərin də təəssüratlarını öyrənsəniz, görərsiniz ki, xeyli yaxşılaşıb. Hətta indi məktəb direktorları da imtahan verir. Bu çətin prosesdir və təmkinlə həyata keçirməliyik. Bir müəllimin o qədər dərin biliyi yoxdursa, o sertifikasiyanı da qəbul etməyəcək. Düşünürəm ki, bu prosesi təkmilləşdirməliyik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilək”.

Dürdanə Cəfərova – Bakı şəhəri 112 nömrəli məktəbin müəllimi:

“2016-cı ildə MİQ imtahanlarında 52 bal topladım və Sabunçu rayonunda 112 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başladım. Bu imtahan bizim üçün bir şans idi. Universiteti bitirən bir gənc olaraq bu imtahanda iştirak etdim, məsuliyyətlə üzərimdə çalışdım, uğurlu bal topladım. Bu il isə sertifikasiya imtahanına qatıldım və 60 bal topladım. Düşünürəm ki, bu uğur mənim elə MİQ imtahanlarımın nəticəsi və davamı idi. Ona görə ki, öz üzərimdə daha çox işlədim. MİQ imtahanları zamanı verilən kurikulum və metodikanı indi daha dərindən öyrənə bildim, rahat şəkildə tətbiq edirəm. Bu, bütün müəllimlər üçün faydalı oldu. Ümilikdə isə MİQ imtahanları biz gənclər üçün bir fürsətdir”.

Salmanova Günay- Bakı şəhəri 322 nömrəli orta məktəbin ibtidai sinif müəllimi:

“Təhsilverənlərin sertifikatlaşdırma imtahanında maksimum 100 bal toplamağım bu günə deyil, keçmişə söykənir. Əgər yaxın keçmişə nəzər salsaq, 6 il əvvəl MİQ imtahanının 1 və 2-ci mərhələlərinin hər birində uğur qazanmışam. 54 bal yığaraq hazırda işlədiyim məktəbə qəbul olmuşam. Bu uğuru qazanmaq mənə motivasiya verdi. Təbii ki, pedaqoq kimi öz üzərimdə işləmək, yeni bilik və bacarıqlara yiyələnmək öndə olan vəzifəm olub. Valideynlər mənə inanırdılar, bilirdilər yüksək nəticə toplayacağam. Mənim güclü nəticəm onların etimadını doğrultdu. Aşağı bal toplayan müəllimlər də bir az öz üzərlərində işləsələr, onlar da yüksək nəticə göstərəcəklər. Biz imtahanla işə qəbul olmanın və sertifikasiyanın müsbət nəticələrini gələcək illərdə daha çox müşahidə edəcəyik”.

Rasif Dünyamalıyev - “Bağçam” uşaq bağçaları şəbəkəsinin rəhbəri:

“Əvvəllər MİQ ilə bağlı neqativ hallar çox idi. Belə hal olduğu zaman da müəllimlik peşəsinə yanaşma dəyişir. Bəzən deyirlər ki, müəllimin nüfuzu düşüb. Əlbəttə, müəllim kiminsə zəngi, tapşırığı ilə müəllim olubsa, asanlıqla müəllim olubsa, o zaman dəyərdən düşər. Müəllimlik də o vəziyyətə gəlmişdi. Bu gün nüfuzdan düşməsinin də səbəbi məhz 15-20 il əvvələ dayanır. Müəllimlərin işə qəbulu imtahanları yenilər üçündür, axı sistemin içində illərlə çalışanlar da var. Onların yoxlanılması çox vacibdir. Sertifikasiya imtahanı da məhz buna hesablanıb. İctimaiyyət buna sevinməlidir ki, müəllimlərin nüfuzu qayıdacaq, eyni zamanda savadlı kadrlar formalaşacaq”.

Ləman Ələşrəfqızı- əməkdar jurnalist:

“Müəllimlərin işə qəbulu, eləcə də sertifikasiya məsələsi zaman-zaman gündəmi zəbt edən məsələdir. Adamlar var düşünürlər ki, bu müəllim universitet bitirib, diplom alıbsa onu niyə imtahan edib, şagirdlərin, cəmiyyətin yanında biabır eləməliyik. Düşünürəm ki, bu kökündən yanlış fikirdir. Hər kəs özünü inkişaf etdirməlidir, müəllim də. Heç kim "süddən çıxmış ağ qaşıq" deyil. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Mənim bitirdiyim 25 ildir artıq. Bu illərdə həyat davam edir, yeniliklər ortaya çıxır. Sabah bizi imtahan etsələr bilməyəcəyiksə, elə biz utansaq yaxşıdır. Eyni şeylər müəllimlərə də aiddir. Biliyinə, savadına güvənən müəllim niyə imtahandan qorxmalıdır? Mən düşünürəm ki, müəllimlərin imtahanla qəbul olmasında, sertifikasiyaya cəlb olunmasında qorxulu bir şey yoxdur. Mən savadsız müəllimdən imtina edirəm. Mən istəmirəm ki, mənim uşağıma təhsil verən müəllim savadsız olsun. Mən bir valideyn kimi istəyirəm ki, müəllim hər zaman öz üzərində işləsin. Biz hər sahəyə göz yuma bilərik, düşünürəm ki, təhsillə bağlı heç bir məsələyə göz yummaq olmaz”.

Xəbər lenti