Logo

“Kriminalistika” dərsliyinin təqdimatı olub - FOTOLAR

20.10.2022 19:40 437 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış yeni “Kriminalistika” dərsliyinin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində çıxış edən universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, tələbələrin keyfiyyətli dərslik və dərs vəsaitləri təmin edilməsi və elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması BDU-nun əsas prioritetlərindən biridir. O, yeni çap olunan “Kriminalistika” dərsliyinin Hüquq fakültəsinin tələbə və məzunları üçün faydalı olacağını və onların peşəkar kadr kimi yetişməsinə yardım edəcəyini bildirib.

Qeyd olunub ki, dərslik professor Kamilə Sarıcalinskayanın rəhbərliyi altında 1999-cu ildə Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kriminalistika” dərsliyinin yenidən işlənmiş, zəruri əlavə və dəyişikliklər edilmiş ikinci nəşridir. Dərslik kriminalistikanın qarşısında duran ən mühüm elmi və praktiki problemləri həll etmək üçün bilik, bacarıq və vərdişlərə yiyələnmək məqsədi daşıyır, Azərbaycanda ali hüquq təhsilinin müasir səviyyəsinə və təhsil standartlarına uyğundur. Kitab kriminalistika elminin ən aktual və mühüm məsələlərini əhatə edir. Dərslikdə kriminalistika elminin yeni nailiyyətləri, eləcə də ölkə qanunvericiliyində baş vermiş ən son dəyişikliklər nəzərə alınıb.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, kafedranın dosentləri Mübariz Mustafayev, Bəxşeyiş Əsgərov, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Polis Akademiyasının Cinayət prosesi kafedrasının müdiri Allahverdi Mahmudov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nigar Rəsulbəyova çıxışlarında dərsliyin yüksəkixtisaslı hüquq kadrlarının hazırlanmasında, cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində, həmçinin cinayət, mülki və inzibati işlər üzrə xüsusi biliklərdən istifadənin, kriminalistik taktiki üsul və tövsiyələrin tətbiqinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Qeyd edək ki, ümumi həcmi 996 səhifə olan dərsliyin redaktoru Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru İpək Abbasovadır. Dərsliyə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrası rəy verib.

Xəbər lenti