Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Su-polimer ikifazalı sistemlərin ayırdetmə qabiliyyəti” mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Maddə quruluşu kafedrasının müdiri professor Eldar Məsimovun mövzu üzrə məruzəsi dinlənilib. E.Məsimov bildirib ki, canlı orqanizmin əsas hissəsi su və yüksəkmolekullu birləşmələrdən ibarətdir və orqanizmdəki maddələr mübadiləsi əsasən qan vasitəsilə həyata keçirilir.
Su-polimer ikifazalı sistemlərin fazalarının fiziki-kimyəvi xassələri, xüsusi halda nisbi hidrofobluqları müxtəlif olduğundan onların bioloji obyektlərin komponentlərinə hərisliyi də müxtəlif olur. Buna görə ikifazalı su-polimer sistemləri bioloji obyektlərin (viruslar, hüceyrələr, fermentlər və s.) ayrılması, təmizlənməsi və dərman preparatlarının təmizliyinə nəzarət üçün yumşaq, asan və ucuz sistem kimi biotexnologiyada geniş istifadə edilir. Belə sistemlərdə müxtəlif maddələrin qeyri-bərabər paylanması həmin maddələrin sistemin fazalarının su mühitləri ilə hidrofob və hidrofil qarşılıqlı təsirinin müxtəliflikləri ilə əlaqədardır.
Sonra məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.