Logo

Atasının yoxluğuna dözə bilmədi, o da eyni səbəbdən öldü - FOTO

19.10.2022 12:11 6337 baxış
IMG

Xəbər verdiyimiz kimi. ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

Tehsil.biz xəbər verir ki, məktəbli qızın ölümü barədə Modern.az-a danışan Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov hadisənin gənclərin çağırışaqədərki hazırlığı dərsi zamanı baş verdiyini bildirib:

“Zarina çox sakit, tərbiyəli, bir az da özünəqapalı qız idi, onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.

Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş:

“Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.

Z.Əzizovanın atası da gənc yaşlarında qəflətən dünyasını dəyişib:

“Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Zarinanın qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.

Kənd bələdiyyəsindən bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.

Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.

Xəbər lenti