Logo

Şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının müzakirəsi keçirilib - FOTO

18.10.2022 19:29 519 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, görüşdə millət vəkilləri, Elm və Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov Elm və Təhsil Nazirliyinin ictimai müzakirəyə hər zaman açıq olduğunu bildirib. Nazir müşaviri qeyd edib ki, məhz bu baxımdan bir çox layihələr tətbiqinə başlamamışdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunur. Elnur Nəsibov qeyd edib ki, sözügedən qaydaların pilot layihə kimi ilkin olaraq bir neçə məktəbdə tətbiqi nəzərdə tutulur.

Daha sonra çıxış edən Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” barədə geniş təqdimatla çıxış edib.

Şagirdlərin məktəbdaxili davranış qaydalarından danışan Elnur Əliyev bildirib ki, bu sənəd ümumi təhsil müəssisəsi təhsilalanlarının hüquqlarını təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir. Şöbə müdiri bildirib ki, sözügedən qaydalar nümunə xarakter daşıyır və məktəb rəhbərliyi bu çərçivədə öz daxili qaydalarını tərtib edə bilər.

Çıxış edən digər qonaqlar da öz növbəsində məktəbdəki münasibətlərin tənzimlənməsinin, çərçivə sənədinin olmasının əhəmiyyətli olduğunu qeyd ediblər.

Sonda hər iki sənədlə bağlı ictimai rəyin öyrəniləcəyi də vurğulanıb.

Xəbər lenti