Logo

Yeni “Kriminalistika” dərsliyi çap olunub

18.10.2022 11:15 292 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış yeni “Kriminalistika” dərsliyi çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Vətən müharibəsində qəhrəman Ordumuzun şanlı qələbəsinə ithaf olunmuş bu dərslik professor Kamilə Sarıcalinskayanın rəhbərliyi altında 1999-cu ildə Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kriminalistika” dərsliyinin yenidən işlənmiş, zəruri əlavə və dəyişikliklər edilmiş ikinci nəşridir.

Dərslik kriminalistikanın qarşısında duran ən mühüm elmi və praktiki problemləri həll etmək üçün bilik, bacarıq və vərdişlərə yiyələnmək məqsədi daşıyır, Azərbaycan Respublikasında ali hüquq təhsilinin müasir səviyyəsinə və təhsil standartlarına uyğundur. O, kriminalistika elminin ən aktual və mühüm məsələlərini əhatə edir. Dərslikdə kriminalistika elminin yeni nailiyyətləri, eləcə də ölkə qanunvericiliyində baş vermiş ən son dəyişikliklər nəzərə alınıb.

Müəlliflər kriminalistikanın hüquq təhsilində əhəmiyyətini göstərməyə, tələbələrdə bu fənni öyrənmək üçün maraq oyatmağa çalışıblar. Dərslikdə kriminalistikanın elm sahəsi və tədris fənni kimi müasir vəziyyəti ilə yanaşı, müasir inkişaf qanunauyğunluqları, əsas təmayülləri, mövcud texniki, taktiki və metodiki imkanları ətraflı işıqlandırılıb. Həm hüquqşünas tələbələrin, həm də təcrübə işçilərinin tələbatı nəzərə alınaraq dərslikdə şərh edilmiş mövzular uyğun sxem və planlarla, illüstrasiya materialları ilə təmin olunub.

Dərsliyin redaktoru Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru İpək Abbasovadır. Dərsliyə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrası rəy verib.

Dərslik Hüquq fakültələrinin tələbələri, Polis, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Gömrük akademiyalarının müdavimləri, müəllimlər, tədqiqatçılar, hakimlər, prokurorlar, vəkillər, notariuslar, hüquq-mühafizə orqanları və məhkəmə ekspertizası idarələrinin əməkdaşları, eləcə də özəl ekspertlər üçün nəzərdə tutulub. Ümumi həcmi 996 səhifə olan dərslik nəinki yüksək ixtisaslı hüquq kadrlarının hazırlanmasında, cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində, həmçinin cinayət, mülki və inzibati işlər üzrə xüsusi biliklərdən istifadənin, kriminalistik taktiki üsul və tövsiyələrin tətbiqinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.

Xəbər lenti