Logo

Sentyabrın 6-da elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib

17.10.2022 21:55 308 baxış
IMG

Sentyabrın 6-da elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, elan üzrə 59 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 297 (A növündə 6 vakant, B növündə 291 vakant) vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2054 namizədlə 3746 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə müraciəti vəziyyəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Dəftərxana və arxiv sektoru məsləhətçi (1 vakant yer üzrə 269 namizəd), Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Müəssisələrlə iş şöbəsi məsləhətçi (1 vakant yer üzrə 235 namizəd) və Maliyyə Nazirliyi, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi, İnzibati-təsərrüfat sektoru aparıcı məsləhətçi - proqramçı (1 vakant yer üzrə 180 namizəd) üzrə yaranıb. Müsahibələrin 2022-ci il oktyabrın 24-dən 2023-cü il fevralın 13-dək keçirilməsi planlaşdırılır.

Namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli (17 oktyabr 2022-ci ildən 19 oktyabr 2022-ci il saat 17:00-dək), iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İmtina” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır. Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti