Logo

"Azərbaycan Respublikasının dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlığı ilbəil genişlənir"

13.10.2022 18:50 381 baxış
IMG

Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

Xarici dövlət başçılarının Azərbaycana rəsmi və işgüzar səfərləri, o cümlədən dövlətimizin başçısı İlham Əliyevin başqa dövlətlərə  rəsmi və işgüzar səfərləri zamanı təkbətək və geniş tərkibli görüşlər, mətbuat konfransları keçirilir. Dövlətlərarası münasibətlərin artırılması, iqtisadi  əməkdaşlıqların genişləndirilməsi və bu kimi digər məsələlərin müzakirəsi təbii ki, dövlətimizin gələcək inkişafına təkan verir. Prezident İlham Əliyevin cari ilin  oktyabr  ayının 11-də Qırğızıstana dövlət səfəri  də bu baxımdan faydalı əməkdaşlığa yol açacaqdır. 

Səfər çərçivəsində Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, yeni iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcəkdir.

Qeyd etmək lazımdır ki, yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. 

Bakı və Bişkek qardaşlaşmış şəhərlərdir. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verdiyindən söhbət açılıb. Dövlətimizin başçısı vurğulayıb ki, “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.

 İki dövlətin arasındakı münasibətlərin  Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırılması  qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə imkan yaradacaqdır. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək.

Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar vardır.

Burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar daha səmərəli olsun.

Səfər günlərində Azərbaycan ilə Qırğızıstan arasında mühüm sənədləri İmzalanmışdır. Birinci Dövlətlərarası Şuranın iclasının Qərar, Ticarət və Sənaye Palataları ilə arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu, Bakı şəhəri və Bişkek şəhərinin qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu, Ekologiya və Təbii Sərvətlər ilə bağlı əməkdaşlıq Memorandumu, Sosial  sahədə Protokol, Xarici İşlər Nazirlikləri arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş dövlətlərimizin münasibətlərinin gücləndirliməsinə böyük töhfələr verəcəkdir.

44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ordumuz tərəfindən azad edilməsi,  ədalətin bərqərar olması, torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması uğrundakı mübarizədə, hərb sahəsində, siyasi masada dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli mövqeyi və siyasi səriştəsi, Azərbaycanın böyük Zəfəri dünyada ölkəmizin nüfuzunu artırıb. Bütün bunlar Azərbaycanın işıqlı sabahından xəbər verir. Xalqımız  bu inkişafı ürəkdən təqdir edir və hər kəs bacardığı qədər sədaqətlə dövlətimizə xidmətini göstərir, prezidentimizə etimadını nümayiş etdirir.

Mirzə Cavadov
MDU-nun müəllimi

Xəbər lenti