Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin məzunu Əli Ələkbərli dünyanın ən yaxşı 10 universitetindən 7-sinə qəbul olub.
"Tehsil.biz"in məlumatına görə, o, hüquq üzrə magistr (LLM) təhsili almaq şansı əldə edib və universitetlərin əksəriyyətindən akademik və professional göstəricilərinə görə təqaüd (merit-based) qazanıb.
Əlinin seçimi dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitet olan Stanford Universiteti (LLM in Law, Science and Technology) olub.
Qeyd edək ki, Prezident təqaüdçüsü olmuş Əli 2018-ci ildə DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında, 2021-ci ilin fevralında isə doktoranturaya qəbul imtahanında ölkə birincisi olub.