"Dərs zamanı şagirdlərdən telefon yığılmalıdır, ancaq bunun üçün ilk növbədə qaydalar müəyyən edilməlidir".
Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə şagirdlərdən mobil telefonların yığılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, bu barədə heç bir qanun qəbul edilməyib:
"Məktəbə daxil olan zaman şagirdlərdən mobil telefon və ya telefona bərabər tutulan cihazların yığılması heç bir qanunvericilik aktlarında və təlimatda qeyd olunmayıb. Heç bir direktor, müəllim şagirddən telefonu dərs başlayanda yığıb dərsdən sonra qaytarmaq prosesini tətbiq edə bilməz".
"Tərəfdarıyam ki, dərsin gedişinə mane olmamaq üçün telefonlar şagirdlərdən alınsın, lakin bu, ayrı bir mövzudur. Bunun üçün isə ilk növbədə təlimat, qaydalar müəyyən edilməlidir", - K.Əsədov əlavə edib.