Logo

Psixoloq: "Günahkar uşaq yoxdur, günahkar valideyn, cəmiyyət var"

06.10.2022 09:42 437 baxış
IMG

"O görüntülərin altındakı rəyləri oxuyanda bir hekayə yadıma düşdü. O vaxt kəndimizdə bir canavar ölmüşdü. Hamı canavarın necə böyük və vahiməli olduğundan danışırdı. Heç kim onun niyə öldüyünü demirdi. Eyni bugünkü situasiya kimi. Hər kəs zorakılıq tətbiq etməyə məcbur qalan uşağı günahlandırır, söyür. Hər kəs günahlar axtarmağa çalışır. Mən bizim qanunlarımıza və polislərimizə güvənirəm. Düzünü desəm, mən də pis oldum. Amma unutmayaq ki, günahkar uşaq yoxdur. Günahkar valideyn, günahkar cəmiyyət var. Uşaq saf, təmiz, ağ vərəq kimi dünyaya gəlir. Lakin sevgisizlik, gördüyü mənfi hadisələr onun şəxsiyyət kimi formalaşmasına təsir edir". 

Bu fikirləri "Tehsil.biz"ə açıqlaması zamanı psixoloq Musa Məmmədzadə son zamanlar məktəblərdə baş verən qalmaqallara münasibət bildirərkən deyib.

O bildirib ki, dünyada heç bir uşaq günahkar deyil:

"Adətən özgüvəni olmayan uşaqlar öz gücünü təsdiq etmək üçün özündən zəifləri əzirlər. Daxilən özünütəsdiqləmə hissinə ehtiyacları olur. Uşaqlar göstərməyə yaxşı şey olmadıqda başlayırlar mənfi şeylər göstərməyə, bugünkü situasiya kimi. Bəlkə də o uşağın göstərməyə sevgisi, dostluğu yox idi. Bunun da günahkarı o uşağa yetərli qədər sevgi verməyən cəmiyyət, valideynlərdir".

Psixoloqun sözlərinə görə, bu tip mənfi xarakterli uşaqlarda psixi problemlər belə ola bilər:

"Məni ən çox maraqlandıran bullinqə, şiddətə məruz qalan uşağın taleyi olacaq. Bəlkə də o da özünü, öz gücünü təsdiqləmək üçün özündən zəif birinə şiddət göstərəcək. Bəlkə də travma onda tam başqa fəsadlar yaradacaq. O videoları paylaşıb uşaqları söyməklə heç nə əldə etməyəcəyik. Hətta şiddət göstərən oğlan da hazırda sosial şəbəkədə şiddətə, bulinqə məruz qalır. Polislərimiz, qanunlarımız öz sözünü deyəcək. Bizim əlimizdən gələn evimizdəki övladımıza düzgün tərbiyə vermək, diqqətdən və sevgidən kənarda qoymamaqdır".

Xəbər lenti