Logo

Dövlət İdarəçilik Akademiyası ilə “Rabitə Bank” arasında Əməkdaşlıq memorandumu imzalanıb

29.09.2022 14:58 271 baxış
IMG

Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə “Rabitə Bank” ASC arasında Əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandumu Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və “Rabitə Bank” ASC-nin sədri Aydın Hüseynov imzalayıblar.

Memorandum nəzəri və təcrübi biliklərin artırılmasını, tələbələr üçün təcrübə imkanlarının yaradılmasını, birgə tədqiqatların aparılmasını və digər məsələləri əhatə edir.

DİA-nın rektoru U.Ələkbərov qeyd edib ki, son 30 ildə Azərbaycan böyük inkişaf yolu keçib:”Prezident İlham Əliyevin yaratdığı innovativ idarəetmə sistemi nəticəsində Azərbaycan inklüziv inkişafa nail olub. İndi hər kəs öz həyatında bunu hiss edir”.

Rektor Azərbaycanın inkişaf tendensiyasını nüfuzlu beynəlxalq qurumların yaydığı statistik göstəricilərlə də əsaslandırıb, idarəetmənin innovasiyaya təsirini və inkişafın əsas amillərini diqqətə çatdırıb. Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını söyləyib.

Tədbirdə çıxış edən “Rabitə Bank” ASC-nin İdarə Heyətinin sədri, dosent A. Hüseynov Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb, DİA-nın məzunlarının müxtəlif dövlət və özəl qurumlarda aparıcı vəzifələr tutduqlarını deyib. O, imzalanan memorandumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu qeyd edib. A.Hüseynov bildirib ki, memorandumun imzalanması ilə Dövlət İdarəçilik Akademiyası və “Rabitə Bank” arasındakı mövcud əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur, burada hər iki təşkilat üçün faydalı olacaq bir sıra sahələrdə əməkdaşlığın və mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti