Logo

ABŞ-nin Olimpiya və dünya çempionları ASAPES-in qonağı olublar - FOTOLAR

28.09.2022 21:24 133 baxış
IMG

Sentyabrın 28-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində ABŞ-lı sərbəst güləşçi, baş məşqçi, Olimpiya Oyunlarının ikiqat qızıl medalçısı Con Smit və “Bir qız kimi güləş” təşkilatının qurucusu və icraçı direktoru, sərbəst güləşçi, dünya çempionu Salli Robertslə  görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdən əvvəl konfrans zalında ASAPES-in rektoru Fuad Hacıyevin akademik heyətlə görüşü keçirilib. Rektor rəhbərlik etdiyi Akademiyada son dövrlərdə həyata keçirilən dəyişikliklərdən və inkişafdan, tələbələr üçün yaradılan imkanlardan, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrindən, eləcə də tədrisin keyfiyyətindən söhbət açıb.

Akt zalında davam edən tədbir 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə həsr olunmuş  filmin nümayişi ilə başlayıb.

Görüşdə “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti, ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət proqramları üzrə direktoru Fərqani Əliyev və MOK-un “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev də iştirak edib.

ABŞ-dan olan qonaqlar tələbələrə idman karyerası və idman liderliyinin əhəmiyyətindən danışaraq düzgün həyat tərzi və qidalanmanın idmançının inkişafına verdiyi töhfədən söz açıblar. Fərqani Əliyev isə gənclər üçün yaradılan imkanlar barədə məlumat verərək bu istiqamətdə öz təcrübəsini bölüşüb.

Xəzər İsayev tələbələrə uğura gedən yolda hər zaman məqsədli olmağı və çətinliklər qarşısında ruhdan düşməməyi məsləhət görüb.

Görüşün sonunda Fərid Mansurov qonaqlara öz təcrübələrini tələbələrlə bölüşdüyü üçün təşəkkürünü bildirib və xarici qonaqlara Akademiya adından xüsusi hazırlanmış hədiyyə təqdim edilib.

Xəbər lenti