Logo

Əsas obraz hamımız üçün tanışdır - Hekayə müzakirəsi

28.09.2022 21:04 102 baxış
IMG

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən İlham Əzizin “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Qəşəm Nəcəfzadə

Səyyad Aran məktəbi - Qəşəm Nəcəfzadə yazır

İlk hekayələrdəndir ki, sonunu əvvəlcədən görə bilmədim, hadisənin nə ilə qurtaracağını düşünə bilmədim. Anarda beşmərtəbəli binanın altıncı mərtəbəsi romantikanı sərgiləyirsə, İlham Əzizdə həmin mərtəbənin birinci mərtəbəsi realizmi ifadə edir. “Birinci” sözü bu dəfə yuxarıları deyil, əvvəlinə beşmərtəbəli bina, sonuna isə mərtəbə artırılaraq əzilənlərin, kasıbların həyatını göstərir. Feyzinin qızı Gülşənin faciəli ölümü atasının xidməti işində – Qaz pulu yığan – adamlardan dolanışıq üçün aldığı bir manatın fövqündə baş verir. Bu taleyin işidirmi, yoxsa yazıçının qurduğu təxəyyül məsələdirmi, hər halda, maraqlı və ağrılı bir həyat faktıdır. Başqalarından fərqli olaraq İlham Əziz bu əsəri (hadisə və dil baxımından) xarici ədəbiyyatın təsiri ilə deyil, yaşadığı həyatın təsiri ilə yazıb, gözəl də yazıb, hər gün rast gəldiyimiz bir hadisəni mətnə çevirə bilib.

Aqşin Yenisey

Aqşin Yenisey - Bioqrafiya.com

İlham Əziz bu hekayəsində üslubuna sadiq qalsa da, mövzularına yenilik gətirib. Bu hekayədə daha çox şəhər həyatının sosial elementləri öz əksini tapıb. Əsasən də ailə institunun dağılmasının bir neçə üstüörtülü səbəbi göstərilib. Evlənib adiləşənlər və adiləşmədən ayrılanlar: hər ikisi xalis Şərq ailə dramıdır. Toyla başlayıb vayla bitən bir məişət dramı. Hekayədə kişinin və qadının pula münasibəti də əla göstərilib. Pul və pulsuzluq iki kişinin dostluğunu zədələməyib, iki qadını isə bir-birinin zəhləmgetmişinə çevirib. Dəqiq müşahidədir. Ümumiyyətlə, əxlaqın pul qarşısında göbək atması qədim məsələdir. Əxlaqı mənfəətlər yaradır və mənfəətlər dağıdır. Bu gün Azərbaycanda mənfəətlərin dağıtdığı ailələrin sayı sürətlə artır. Əslində, İlham Əziz çox müasir və aktual bir mövzuya toxunub.


Cavanşir Yusifli

Yeni imzaların mətnləri necədir? - Cavanşir Yusifli yazır...

İlhamın “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsində bir neçə maraqlı detal var. Bu detallar hekayədəki əhvalı, personajlar və onları bizə göstərən mühiti belə demək olarsa, həm açır, izah edir, həm də suallar yaradır. Bu suallara hərə bir cürə cavab verə bilər.

Bizim seçdiyimiz birinci detal personajın bu yaşa qədər formalaşan xarakterini göstərir (Baxın: Çayı stolun üstünə zərblə elə qoydu, çay ləpələnib sıçradı qənddana. Feyzi əriyən qəndi qapıb ağzına atdı – yəni, müəllif usta fotoqraf kimi bəlkə hamıdan gizli belə bir anı görüb onu dərhal lentin yaddaşına köçürür). Artıq bu detalın “yardımçı elementləri” (on dörd il sərasər geyindiyi ayaqqabı, adi şalvarın biabırcasına parıldaması və cins geyinmək arzusu – bu şalvarda təzəlik/köhnəlik bilinmir...) də həm Feyzi kişinin xarakter və xasiyyətini, həm də ətraf mühitin mənzərəsini təqdim edir.

Mühitin hisi-pası, insanların ürəyində yuva qurmuş və çəkilməsi zülm olan ah... daha çox şadlıqlarda, içki məclislərində görünür, necə deyərlər, işıqlar sönən kimi yenə yuvaya dönür. İşıq məsələsi (detalı) Feyzinin qızını gözləyən Zaurun ürək döyüntülərində də yanıb-sönür (Gərək qaranlıqdan işığa baxmazdım, o tərəfdə dayanıb gözləsəydim qız da ölməzdi... Və qarnlıqla işığın heç zaman birləşmədi nöqtədə qışqırır ...).

Hekayənin başında - əvvəlində gələn bu detal çox güclüdür, amma digər detal və ştrixlər onun təsir gücü və dinamikasının içindədirlər. Mətndə pərdə arxasında bir nəsnə dayanır: ürək ağrısı. Feyziylə arvadı yaşayışın ağrılığı altında əziliblər. Onların toyda rəqsi və dayanacaqda fərqli cəhətlərə baxması... Feyzinin dostu, simsarı Rafiqin səxavəti, arvadının deyingənliyi. Fikrimizcə, “təkərəin oğurlanması” detalı mətnin sonu ilə bağlansa da, baş verən hadisəni o qədər də möhkəm (Sözün bitdiyi yer....) qaynaq etmir, bunu düşünmək lazımdır.

Orxan Həsəni

Orxan Həsəni. Füzulinin dişi (HEKAYƏ) » Yarpaq.az

İlham Əzizin hekayəsi olduqca təsirli idi. Bu təsir bizi bədbəxtlik haqqında düşündürür. Lakin onun cazibəsi yalnız süjetin ruhuna yayılan qüssə ilə deyil, gözəl ifadə vasitələri ilə əlaqədardır. Hekayənin qabığında məhrumiyyətlərlə dolu insan həyatının acısı gizlənsə də, batinində gözəl estetika duyulur. Böyük sevinclərin qəfil böyük bədbəxtliklə əvəzlənməsi bizi qüssələndirirr. Bədii mətndə faciə yazmaq çətindir, bundan daha çətini isə faciəyə aparan süjetin hazırlığını qura bilmək, onu məntiqi ardıcıllıq kimi bədii mətndə göstərməkdir. Feyzi obrazının toydan yüpyüngül, arxayın qayıtmağı fırtınadan öncəki ənənəvi səssizliyi xatırladır. Üstəlik, çörəyini "qaz"la qazanan bir atanın tək övladını qaz sızması ilə itirməsi də taleyin tragik oyunudur. Ümumən, hekayənin əsas obrazı hamımız üçün tanışdır. Sosial problemlər ilə vuruşan tipik azərbaycanlı atanın ürəyi Feyzi obrazını sinəsində döyünür. Hekayəni bəyəndim. Müəlliflə uğurlar arzulayıram.

Xəbər lenti