Logo

DİM-də Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin layihə rəhbəri ilə görüş keçirilib

28.09.2022 17:21 219 baxış
IMG

28 sentyabr 2022-ci il tarixində DİM-in rəhbərliyi və Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (Agentlik, IAAR) layihə rəhbəri arasında görüş baş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin layihə rəhbəri Quliyaş Niyazova, DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaqinov, Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov və Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iştirak ediblər.

Qonağı salamlayan DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə Mərkəzin fəaliyyəti haqqında məlumat verib və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.

Agentliyin nümayəndəsi də qurumun işləri və Beynəlxalq IAAR akkreditasiyası barədə təqdimat edib və Agentliyin akkreditasiya və reytinq üzrə fəaliyyətinə DİM-lə əməkdaşlıq edən fənn ekspertlərinin cəlb olunması imkanları müzakirə olunub.

Qeyd edək ki, görüşdən öncə Agentliyin layihə rəhbəri imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi, ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, həmçinin qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə tanış olub.

Daha sonra Q.Niyazova DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən ofisinə baş çəkib və elektron imtahanların keçirildiyi zallar, elektron imtahanların keçirilmə prosedurları, DİM tərəfindən hazırlanmış proqram təminatları ilə tanış olub.

Qeyd edək ki, Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi 2011-ci ildə yaradılıb və təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biri sayılır.

Xəbər lenti