Logo

BDU-da “ICTP-nin Təhsil və Tədqiqat Proqramları” mövzusunda ustad dərsi keçirilib

28.09.2022 11:29 250 baxış
IMG

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (The Abdus Salam International Centre for Theoretical Physics (ICTP), Italy, https://www.ictp.it/) tədqiqatçı alimi, professor Mikhail Kiselev Bakı Dövlət Universitetində (BDU) “ICTP-nin Təhsil və Tədqiqat Proqramları” mövzusunda ustad dərsi - mühazirə keçib.

Tehsil.biz xəbər verir ki, mühazirədə İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin bir çox elm sahələri üzrə elmi-tədqiqat işlərini həyata keçirdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bu sahələr arasında Yüksək enerjilər, Kosmologiya və astrohissəciklər fizikası, Kondensə olunmuş hal fizikası və statistik fizika, Riyaziyyat, Yer elmləri, Elm, texnologiya və innovasiya və Həyat elmləri sahələri üstünlük təşkil edir.

Məruzəçi həmçinin Mərkəzdə fizika və riyaziyyat üzrə birgə doktorantların hazırlığı, karyeranın inkişafı, digər əməkdaşlıq proqramlarının da həyata keçirilməsi haqqında iştirakçılara geniş məlumat verib.

Qeyd edək ki, BDU ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələr qurulub. Müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq mövcuddur.

Tədbirdə BDU-nun əməkdaşları, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Mühazirənin sonunda Mikhail Kiselev verilən sualları cavablandırıb.

Xəbər lenti