Logo

BDU-da “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” başlayır

27.09.2022 21:36 248 baxış
IMG

Sentyabrın 28-dən 30-dək Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Tehsil.biz xəbər verir ki, konfransın məqsədi mürəkkəb və qeyri-xətti sistemlər fizikasında az öyrənilmiş bəzi məsələləri, son nailiyyətləri və inkişaf perspektivlərini təqdim və müzakirə etməkdir.

Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə 2013-cü ildə Səmərqənddə (Özbəkistan) keçirilib.

Beynəlxalq tədbir Mərkəzi Asiya, Qafqaz və digər inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarının Avropa, ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin alimləri ilə əməkdaşlığının qurulmasına dəstək verəcək.

Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” mövzularını əhatə edəcək.

Bir çox ölkələrdən olan tanınmış alim və mütəxəssislərin iştirak edəcəyi konfransda Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Niderland), Giulio Kasati (Insubria Universiteti, İtaliya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) və başqalarının məruzələri nəzərdə tutulub.

Xəbər lenti