Logo

BSU-nun Məktəb-Lisey Kompleksində Anım Günü tədbiri keçirilib - FOTO

27.09.2022 20:18 281 baxış
IMG

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun Məktəb-Lisey Kompleksinin direktoru, dosent İlahə Carçiyeva bildirib ki, xalqımızın Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində həlledici rol oynadı. Vətən müharibəsi şəhidləri bizə Zəfər Gününu bəxş etdilər.

Vurğulanıb ki, Vətənimizin bütövləşməsi uğrunda canlarından keçmiş şəhidlərin ömür yolu bütun gənclərimizə örnəkdir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini həmişə yaşatmaq, onları gəncliyə nümunə göstərmək hamımızın vətəndaşlıq borcudur.

Məktəbin şagirdlərinin iştirakı ilə vətənpərvər ruhda hazırlanmış bədii-musiqili kompozisiya təqdim olunub.

Qeyd edək ki, məktəbdə Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin anım günləri keçirilib, onların məzarları ziyarət edilib, həyat və mübarizə yollarını əks etdirən videobülletenlər hazırlanıb, həmçinin bütün siniflərdə ədəbi-bədii kompozisiyalar, şeir, inşa, rəsm, təqdimat müsabiqələri, rəsm və foto sərgilər təşkil edilib. Sonda həmin tədbirlərdə fəal iştirak edən şagirdlərə diplomlar təqdim edilib.

Xəbər lenti