Logo

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

27.09.2022 19:38 95 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə AzTU-nun həyətində Şəhidlər abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndiriliməsi ilə başlayıb. Daha sonra 27 Sentyabr - Anım Gününə həsr olunan video nümayiş olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər hələ uzun illər hərb sahəsi üzrə mütəxəssislərin araşdırma mövzusu olacaq. AzTU tələbələrinin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edən rektor bildirib ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 35 nəfər şəhidlik zirvəsinə yüksəlib. Ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.  

Daha sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunların valideynləri çıxış ediblər. Onlar övladları ilə bağlı xatirələrdən danışıblar. 44 günlük Vətən müharibəsində həyat yoldaşları şəhidlik zirvəsinə yüksələn AzTU-nun II kurs tələbələri də ordumuzun qazandığı Zəfərlə bağlı təəssüratlarını bölüşüblər. AzTU-nun məzunu, Vətən müharibəsi qazisi Elnur İsgəndərli torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin fədakarlığından danışıb.

Tədbir AzTU tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib.

Xəbər lenti