Logo

BMU-da 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

27.09.2022 18:41 223 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Dövlət Himninin səsləndiriliməsi ilə başlayan tədbirdə torpaqlarımız yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin rektoru, professor Havar Məmmədov Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, böyük qürurla qeyd edilən Anım Gününün mahiyyətindən söz açaraq, bu unudulmaz tarixin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olduğunu vurğulayıb.

Xalqımızın budəfəki Anım Gününü daha bir tarixi hadisənin qürur və sevincini yaşamaqla qeyd etdiyini önə çəkən rektor avqustun 26-da Laçın şəhərinə yerləşən ordumuz tərəfindən Zabux və Sus kəndlərinin nəzarətə götürülməsinin, eyni zamanda Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılmasının şanlı salnaməmizdə növbəti unudulmaz izlər buraxdığını bildirib.

Ölkəmizi tarixi qələbəyə aparan yoldan, beynəlxalq təşkilatların ikili standartlarından, Vətən torpaqlarının azad edilməsi naminə hər bir fərdin öz dövləti və ordusu ətrafında sıx birləşməsindən ətraflı bəhs edən Havar Məmmədov 44 günlük Vətən müharibəsinin dünyanın hərb tarixində yeni səhifə açdığını, XXI əsrin müharibəsini aparan ordumuzun döyüş təcrübəsinin hazırda dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənildiyini vurğulayıb.

Ali təhsil ocağının rəhbəri Vətən müharibəsində şanlı Qələbənin xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldığını, şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad edildiyini, həmçinin şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Bu kateqoriyadan olan şəxslərə göstərilən sosial müdafiə tədbirlərini vurğulayan rektor Prezident İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısının müxtəlif orden və medallarla təltif olunduğunu nəzərə çatdırıb.

Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldığını deyən Havar Məmmədov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin açılışının olduğunu, yeni layihələrə start verildiyini, Şuşaya böyük Qələbənin rəmzi olan Zəfər yolunun çəkildiyini, Füzulidə Beynəlxalq Aeroportun açıldığını, Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailənin  köçürüldüyünü, bununla da “Böyük Qayıdış”ın başlanğıcının qoyulduğunu söyləyib.

Rektor çıxışının sonunda Azərbaycanın şanlı zəfər tarixinin yazıldığı bir dövrdə ölkəmizin gələcək inkişafı naminə hər kəsin, o cümlədən ali təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətdən danışıb.

Daha sonra BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri Ramiz Hümbətov, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov və digərləri çıxış edərək, Anım Günü ilə bağlı fikirlərini paylaşıblar.

Tədbir rəşadətli Azərbaycan ordusunun gücünü əks etdirən “Qarabağ Azərbaycandır!” adlı videoçarxın nümayişi ilə başa çatıb. 

Xəbər lenti