Logo

44 günlük Vətən müharibəsinin ilk xanım şəhidi - FOTOLAR

27.09.2022 17:49 568 baxış
IMG

II Qarabağ müharibəsi zamanı Vətən uğrunda mübarizədə şəhidlik məqamına ucalanlardan biri də 44 günlük Vətən müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovadır. 

Tehsil.biz xəbər verir ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.

Onun 2 qardaşı olub. Atası - baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə təhsilini Azərbaycan Dövlət Pedaqoji Kollecində "ingilis dili" üzrə davam etdirib.

Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən "Florens Naytinqeyl" medalı ilə təltif edilib.

Xəbər lenti