Logo

BDU-nun Hüquq fakültəsində Anım Günü qeyd edilib

27.09.2022 17:08 261 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Soltan Məmmədov və Bəhruz Məhərrəmov, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Hüquq fakültənin dekanı Zaur Əliyev bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müharibənin ilk günündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı nəticəsində işğal altında olan ərazilər, strateji yüksəkliklər azad edildi. Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə mülki insanlarımız - bütövlükdə xalqımız bir yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə aldı, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizdə müharibə cinayətləri törətdi.

Zaur Əliyev bildirib ki, Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən müharibəsində könüllü kimi iştirak edib, bir nəfər məzunu - Ceyhun Şalıyev isə  qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Heydər Əliyev Fondunun bu istiqamətdə genişmiqyaslı tədbirlər və layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı  Soltan Məmmədov çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı tarix yazan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın mərd oğullarından bəhs edib. O, Vətənin inkişafı naminə gənclərin öz sahələrində uğur qazanmağının, inkişafının vacibliyini vurğulayıb, gənclərə dövlət qayğısından danışıb. Soltan Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, Fondun gənclərin inkişafına hər zaman dəstək olduğunu qeyd edib.  

Milli Məclisinin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov tələbələrə Vətən müharibəsində əldə olunmuş qələbənin eyni zamanda uğurlu bir siyasətin nəticəsi olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanındığını xüsusilə vurğulayıb.

BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev isə erməni vandalizmindən bəhs edib, müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə hücumları  pisləyib, beynəlxalq hüququn norma və prinsiplərinin yenə Ermənistan tərəfindən məhəl qoyulmadan pozulduğunu bildirib.  O qeyd edib ki, bütün bunlara baxmayaraq, dövlətimiz elmi və hüquqi dəlillərə əsaslanan sivil mübarizəni davam etdirir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Xəbər lenti