Logo

MDU kollektivi şəhid ailələrini ziyarət edib - FOTOLAR

27.09.2022 15:57 268 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr – Anım Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, universitetin kollektiv üzvləri, həmçinin, mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların və hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun ailələrinə baş çəkiblər.

Ziyarət zamanı MDU kollektivi üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissləri ilə yad edib və onların ailə üzvlərinə səbir diləyiblər.

Qəhrəman şəhidlərimizin tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olduqlarını qeyd edən universitet əməkdaşları vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını çatdırıblar.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində universitetdə müxtəlif formatlı çoxsaylı tədbirlər davam etdirilir. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti