Logo

Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27.09.2022 13:12 77 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib

Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qəhrəman hərbçilərimizin bütün cəbhə boyu əks-hücuma keçməsindən danışıb. Vurğulayıb ki, şanlı ordumuz Ermənistan silahlı qüvvələrini darmadağın edərək, nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Gövhər Baxşəliyeva xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin qürur mənbəyimiz olduğunu, sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini deyən akademik G.Baxşəliyeva, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və başqaları çıxış edərək, Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu, bu qələbədə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu deyiblər, Vətən uğrunda canlarından keçən igid oğulların xatirəsinin həmişə uca tutulacağını bildiriblər.

Xəbər lenti